"İlin sonuna qədər sülh müqaviləsi bağlana bilər"

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsinin bağlanmasının mümkünlüyünü açıqlayıb.

“Danışıqlar çox intensiv gedir. Əgər biz bu intensivliyi qoruyub saxlaya bilsək və beynəlxalq ictimaiyyətdən də güclü yardım olacaqsa, o zaman ilin sonunda sülh müqaviləsi bağlamaq imkanı var”.

SİA ermənilərin “Armenia Today” saytına istinadən xəbər verir ki, bunu Qriqoryan İctimai Televiziyanın efirində danışarkən deyib.

Qriqoryanın sözlərinə görə, Ermənistan tərəfi mümkün qədər tez sülh sazişi bağlamaqda qərarlıdır.

“Bir il ərzində ola bilər, amma ilin sonuna qədər davam edə bilər. Lakin biz həll yollarını tapmağa və onların çərçivəsində sülh gündəmini irəli sürməyə, sülh sazişi bağlamağa sadiqik”.

Qriqoryan onu da bildirib ki, Kişinyovda keçirilən danışıqlarda sərhədin delimitasiyası, eləcə də onun daxilində 1975-ci ilin xəritələrindən istifadə olunması ilə bağlı müəyyən irəliləyiş əldə olunub.

“Biz bu məsələnin nəhayət həll olunduğunu deyə bilmərik, lakin irəliləyiş var”, -deyə o bildirib.

Eyni zamanda, Qriqoryan delimitasiya üçün tərəflərin 1975-ci ilin xəritəsini əsas götürmək barədə razılığa gəldiyini də təsdiqləməyib.

“Biz bu səviyyəyə çatana qədər ora çatmaq üçün danışıqları davam etdirəcəyik”.

Bunu da Armen Qriqoryan bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə