Qubernator bir sıra sakinləri evlərini tərk etməyə çağırıb

...amma müvəqqəti olaraq

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov sərhədyanı qəsəbələrin sakinlərini müvəqqəti olaraq evlərini tərk etməyə çağırıb.

SİA rus saytlarına istinadən xəbər verir ki, Qladkov müraciəti bölgənin davam edən atəşə tutulması ilə əlaqələndirib.

“Xahiş edirəm, bütün o yaşayış məntəqələri, ilk növbədə, atəşə tutulan Şebekinski rayonu, hakimiyyətin mövqeyinə qulaq assın və insanların həyatını xilas etmək üçün evlərini tərk etsinlər”.

Bunu vilayət rəhbəri teleqram-kanalında yazıb.

Qladkovun məlumatına görə, iyunun 4-nə keçən gecə bölgədəki Şebekinski və Volokonovski rayonları güclü atəşə tutulub. İtkilər barədə məlumat verilməsə də, ancaq “çoxlu ziyan dəydiyi” bildirilir.

Bu arada ilhaq edilmiş Krımın hakimiyyət orqanları da bazar günü gecə yarımadanın şimalında, Cankoyda pilotsuz təyyarənin vurulduğunu bildiriblər.

Bu barədə Krımın Rusiya tərəfindən təyin edilmiş rəhbərinin müşaviri Oleq Kryuçkov teleqram kanalında yazıb. O, ərazidə olan bəzi evlərin şüşələrinin zədələndiyini desə də, amma ölüm faktının olmadığını deyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə