Fransada keçiriləcək etirazlara 11 min polis və jandarm cəlb olunacaq

Fransa Daxili İşlər Nazirliyi iyunun 6-da ölkə boyu pensiya islahatına qarşı keçiriləcək nümayişlər zamanı asayişi təmin etmək üçün 11 min polis və jandarm göndərəcək.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Cerald Darmanin məlumat verib.

Onun sözlərinə görə, göstərilən saydan 4 mini Parisdə nümayişçiləri izləyəcək. "Xaricdən gələn ifrat solçu təşkilatların nümayəndələrinin aksiyalarda iştirakı gözlənilir", - deyə nazir bildirib. O, həmçinin qeyd edib ki, onun göstərişi ilə 17 nəfərə bu şəxslərin yürüşlərə qoşulmasının qarşısını almaq və lazım gələrsə saxlanmalarını asanlaşdırmaq məqsədilə inzibati qadağalar tətbiq edilib.

Daha əvvəl “Le Figaro” qəzeti polisin məlumatlarına istinadla xəbər vermişdi ki, iyunun 6-da bütün Fransada pensiya islahatına qarşı etirazlarda 400-600 min nəfərin iştirak edəcəyi gözlənilir. Bunlardan 40-70 min nəfəri Parisdə etiraz aksiyası keçirmək niyyətindədir. Eyni zamanda, Daxili İşlər Nazirliyi onların arasında minə qədər radikal elementin ola biləcəyini etiraf edir. Bu, pensiya yaşını qaldıran hökumət qanununa qarşı kütləvi etirazın 14-cü günü olacaq. Fransanın 200-dən çox kommunasında nümayişlərin keçiriləcəyi gözlənilir.

Aksiyalar Milli Assambleyanın (parlamentin aşağı palatası) bir qrup müstəqil deputatın pensiya islahatının ləğv edilməsi haqqında qanun layihəsini assambleyanın müzakirəsinə təqdim etməsindən iki gün əvvəl baş tutacaq. Ölkə hökuməti artıq bu təşəbbüsü kəskin tənqid edərək onu konstitusiyaya zidd adlandırıb. İyunun 3-də Milli Assambleyanın Sosial Məsələlər Komissiyası qanun layihəsinin əksər kateqoriyalı işçilər üçün minimum pensiya yaşının 62-dən 64-ə qaldırılmasından imtina tələbini özündə əks etdirən birinci maddəsini rədd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə