“Kimə güvənirəmsə, onu təyin edirəm”

“Kimə güvənirəmsə, onu təyin edirəm”

Bu arada Çeçenistanın kənd təsərrüfatı naziri, respublika hökuməti sədrinin müavini İbrahim Zakriyevə “Rusiyanın Aqrar-Sənaye Kompleksinin fəxri işçisi” adı verilib.

SİA-nın əldə etdiyi məlumata görə, Zakriyev Çeçenistan rəhbəri Zərgan Kadırovanın bacısının oğludur.

Qeyd edək ki, mükafatın fotolarını respublika rəhbəri öz teleqram kanalında dərc edib.

Onu da qeyd edək ki, mükafatı Rusiyanın kənd təsərrüfatı naziri Dmitri Patruşev təqdim edib.

Ramzan Kadırovun sözlərinə görə, məhz İbrahim Zakriyevin səyləri sayəsində bir çox problemlər öz həllini tapıb ki, bu da kənd təsərrüfatını sistemli şəkildə yeni, daha keyfiyyətli və mütərəqqi səviyyəyə çatdırmağa imkan verib. Amma Ramzan, hansı uğurlardan danışdığını açıqlamayıb.

Yeri gəlmişkən, İbrahim Zakriyev Kadırovun respublikada yüksək dövlət vəzifələrində çalışan çoxsaylı qohumlarından biridir. Bundan əvvəl o, Qroznı şəhərinin meri olmuşdu.

Xatırladaq ki, may ayında Çeçenistan rəhbərinin digər bacısı oğlu Həmzət Kadırov Milli Qvardiyanın “Yardım üçün” medalı ilə təltif edilib. Onu da qeyd edək ki, bu medal Milli Qvardiyanın qoşunlarına verilən tapşırıqların icrasında fərqlənənlərə verilir.

Təbii ki, Çeçenistanda respublika rəhbərinin onlarla qohumu regionun rəhbərliyində yüksək vəzifələrə təyin olunur və bu da gizli də olsa narazılıqlarla qarşılanır.

“Kimə güvənirəmsə, onu təyin edirəm”, - Kadırovun devizidir bu.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə