Bayden ABŞ-ın borc tavanını artırır

ABŞ prezidenti Co Bayden respublikaçılarla razılaşaraq, defoltdan qaçmaq üçün ABŞ-ın dövlət borcunun tavanının artırılması haqqında qanun imzalayıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Sənədə əsasən, ABŞ dövlət borcunun tavanı 2,5 trilyon dollar artırılaraq 31,4 trilyon dollara çatdırılıb. Eyni zamanda, dövlət borcunun limitinin 2025-ci ilin yanvarına qədər dayandırılacağı da ehtimal edilir. Deyilənlərə görə, ölkənin maliyyə öhdəliklərini yerinə yetirmək üçün belə tədbirlər görülməli idi.

Qeyd edək ki, bundan əvvəl ABŞ Senatı ölkədə defoltun qarşısını almaq üçün dövlət borcunun tavanının artırılması ilə bağlı qanun layihəsini təsdiqləyib. Sənədi Konqresin yuxarı palatasının 63 üzvü dəstəkləyib, 36 senator isə əleyhinə çıxıb.

Onu da qeydd edək ki, iyunun 1-də ABŞ Konqresinin Nümayəndələr Palatası borc tavanının artırılması ilə bağlı qanun layihəsini qəbul edib. Bildirilib ki, Nümayəndələr Palatasındakı Demokrat Partiyasının üzvlərinə Bayden və Nümayəndələr Palatasının spikeri Kevin Makkarti arasında bu məsələ ilə bağlı sövdələşməni dəstəkləmək göstərişi verilib.

Ağasəf Babayev.

Bütün xəbərlər Facebook səhifəmizdə