Qərb Belarus və Rusiyanı qarışdırmaq niyyətindədir...

Rusiya xarici işlər naziri Sergey Lavrov şənbə günü Rusiya-Belarus Tarixçilər Forumunun plenar iclasının iştirakçılarına müraciət ünvanlayıb.

Rusiya Xarici İşlər Nazirliyinin tarixi-sənədli filmlər departamentinin direktoru Nadejda Barinovanın oxuduğu müraciətdə, Lavrov kollektiv Qərbin Rusiya və Belarus arasında çəkişmə cəhdlərini xatırladıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Lavrov, Qərbin kinli şəkildə tarixi saxtalaşdırmaq, faktları təhrif etmək, etnik və dini ədavəti qızışdırmaq əzmində olduğunu qeyd edib.

Rusiyalı nazirə görə, bu hərəkətlərin məqsədi Rusiya və Belarusun qardaş xalqlarını dava etdirmək və İttifaq dövlətinin güclənməsinə mane olmaqdır.

Onun dediyinə görə, kollektiv Qərb tarixin rüsvayçı saxtalaşdırılması cəhdlərindən əl çəkmir, dərsliklər yenidən yazılır, faktlar təhrif edilir, abidələr sökülür. Məqsəd bəllidir – millətlərarası və konfessiyalararası düşmənçilik toxumu səpmək, linqvistik şovinizmi qızışdırmaq, İttifaq dövlətinin daha da möhkəmlənməsinin qarşısını almaq, qardaş xalqlar arasında nifaq salmaq.

Rusiya XİN rəhbərinin fikrincə, “keçmişin obyektiv mənzərəsini canlandırmaq” tarixi təhrif etmək istəyinə qarşı durmağın yeganə yoludur. Sergey Lavrov birgə səylərlə İttifaq dövlətinin tarixinə dair monoqrafiya hazırlamağı təklif edib. O, Rusiyanın artıq belə iş təcrübəsi olduğunu da qeyd edib.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl prezident Aleksandr Lukaşenko Qərbin Belarusda hakimiyyətin ələ keçirilməsi üçün ssenari hazlrladığına işarə etmişdi. Dövlət başçısının sözlərinə görə, bunu bir çox faktlar, o cümlədən qanunsuz silahlı birləşmələrin üzvlərinin hazırlanması və yatmış ekstremist qruplaşmalar yaratmaq cəhdləri sübut edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə