Rusiya qalib gələcək...

Rusiya prezidenti Vladimir Putin Rusiyanın Ukrayna ərazisində keçirilən xüsusi əməliyyatda qələbə qazanacağına əmin olduğunu bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə iyunun 1-də Kremlin mətbuat xidməti məlumat yayıb.

Belə ki, ötən gün “Valideyn şöhrəti” ordeni ilə təltif edilmiş çoxuşaqlı ailələrlə onlayn görüş keçirən Rusiya prezidenti Vladimir Putin, iştirakçılarla söhbət zamanı Ukraynadakı xüsusi hərbi əməliyyatda Rusiyanın qalib gələcəyinə əminliyini ifadə edib.

Putinin sözlərinə görə, ruslar öz torpaqlarını, xalqlarını və dəyərlərini qoruyurlar, ona görə də Rusiyanın qalib gələcəyinə şübhə ola bilməz.

Belə ki, dövlət başçısı videogörüşdə iştirak edənlərdən birinin Rusiyanın “başqa yol olmadığına görə” nəinki qalib gələcəyini, həm də hamı üçün “sülhün və təhlükəsizliyin təminatçısı”na çevriləcəyini deyən sözlərinə cavab verib.

“Elədir, siz dediyiniz kimi olacaq. Burada heç bir şübhə yoxdur, çünki biz öz torpağımızı, xalqımızı, dəyərlərimizi qoruyuruq. Burada heç bir şübhə yoxdur, hətta danışılası bir şey də yoxdur”, - deyə Vladimir Putin bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə