Ukrayna prezidenti Vladimir Zelenski Moldovada keçirilən sammitdə ölkəsinin müttəfiqlərinin Rusiyanın təcavüzünü dəf etmək üçün Kiyevə qırıcı təyyarələrin verilməsinə güclü dəstək nümayiş etdirdiyini bildirib.
“Reuters” xəbər verir ki, Zelenski cümə axşamı Kişinyovda 40-dan çox Avropa liderinin görüşündən sonra keçirilən mətbuat konfransında verdiyi şərhin təfərrüatlarını açıqlamayıb.
Qeyd edək ki, Kiyev hakimiyyəti uzun müddətdir ki, Ukraynaya Qərb döyüş təyyarələrinin verilməsinə çalışır.
Yeri gəlmişkən Moldova Prezidenti Maia Sandu, hazırkı sammitin qitənin Avropaya sülhü qaytarmaq üçün güclü əzmini nümayiş etdirdiyini bildirib.
Sandu belə yüksək səviyyəli görüşün Ukrayna ilə sərhəddən cəmi iyirmi kilometr aralıda Moldovada keçirilməsi qərarını simvolik adlandırıb. O, Moldovanın Rusiyanın işğalına müqavimət göstərən və bununla da qonşularını qoruyan Ukraynaya minnətdar olduğunu da bildirib.
“Bu gün Ukrayna Moldovanın təhlükəsizliyini təmin edir və biz buna görə çox minnətdarıq”.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Vladimir Zelenski ilə danışan Maia Sandu deyib.
Ukrayna lideri Sandu ilə söhbətdən sonra jurnalistlərə verdiyi açıqlamada təhlükəsizlik zəmanətlərinin indi təkcə Ukrayna üçün deyil, həm də qonşu Moldova üçün çox vacib olduğunu deyib.
Qeyd edək ki, sammitdə çıxış edən Vladimir Zelenski 2023-cü ilin qərarlar ili olduğunu vurğulayıb və iyulda Vilnüsdə keçiriləcək NATO sammitində Ukraynaya üzvlük üçün aydın dəvətə, eləcə də ölkənin Şimali Atlantikaya qoşulma yolunda təhlükəsizlik zəmanətlərinə çağırıb.
Eyni zamanda, Zelenski, ölkəsinin Avropa İttifaqına daxil olması yolunda irəliləyiş görmək istədiyini də dilə gətirib.
Xatırladaq ki, Kiyev müvafiq ərizə ilə ötən il Rusiyanın genişmiqyaslı işğalı başlayandan sonra müraciət etmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB