Danimarka müdafiə sahəsinə əlavə milyardlarla avro xərcləyəcək

Danimarka qarşıdakı 10 il ərzində ölkənin müdafiəsinə 143 milyard Danimarka kronu (19 milyard avrodan çox) xərcləməyi planlaşdırır. SİA Danimarka hökumətinin saytına istinadla xəbər verir ki, vəsaitlərin artırılması Ukraynaya artan hərbi yardımla birlikdə Danimarkaya NATO-nun hərbi xərclərlə bağlı hədəfinə nail olmağa kömək edəcək.

Keçən il Ukrayna böhranına cavab olaraq, Danimarka 2030-cu ilin sonuna qədər müdafiə və təhlükəsizlik xərclərini ümumi daxili məhsulun 2 faizinə çatdırmağı vəd edib. Bu da NATO-ya üzv dövlətlər üçün əsas hədəflərdəndir.

Bununla yanaşı, Danimarkanın hazırkı Baş naziri Mette Frederiksen NATO-nun baş katibi postuna ciddi iddiaçı kimi ortaya çıxıb. Bütün bu məsələlər fonunda, ölkədə müdafiə xərclərinin artırılması planları da artıq öz təsdiqini tapıb.

Danimarka hazırda müdafiəyə sahəsinə ildə təqribən 27 milyard kron (3,6 milyard avrodan çox) xərcləyir, lakin 2033-cü ilə qədər bu məbləği tədricən artıracaq. Yalnız gələn il bu məbləğ 6,9 milyard kron artırılacaq.

Qeyd edək ki, bundan əvvəl Danimarka hökuməti yaxın 5 il ərzində Ukraynaya maliyyə yardımını artırmaq planlarını açıqlayıb. Bu müddət ərzində, yalnız Ukraynaya hərbi yardım göstərmək məqsədləri üçün Danimarka əlavə 2,4 milyard avro ayıracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə