Putin Ərdoğanın andiçmə mərasiminə getməyəcək

Yenidən Türkiyə prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində Rusiyanı Dövlət Dumasının spikeri Vyaçeslav Volodin təmsil edəcək.

SİA xəbər verir ki, bu barədə “İnterfaks” Rusiya Federasiyası prezidentinin köməkçisi Yuri Uşakova istinadən məlumat yayıb.

Ondan bu mərasimdə Rusiyanı kimin təmsil edəcəyi ilə bağlı qərarın verilib-verilmədiyini soruşublar. Onun sözlərinə görə, Rusiya Federasiyasını Volodin təmsil edəcək.

Qeyd edək ki, ötən gün Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin türk həmkarının andiçmə mərasiminə gedə biləcəyi ilə bağlı sualı cavablandırarkən, Türkiyənin bu tədbirə xarici liderlər üçün dəvət göndərdiyini eşitmədiyini bildirmişdi.

Bu arada Ərdoğanın sözçüsü İbrahim Kalın daha əvvəl Ankaranın andiçmə mərasiminə xarici liderləri dəvət etmək qərarına gəldiyini bildirib.

Xatırladaq ki, Türkiyə prezidentinin andiçmə mərasimi şənbə günü, iyunun 3-də baş tuta bilər.

Onu da xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan may ayında keçirilən prezident seçkilərinin iki turunda qalib gəlib. İkinci turda o, 52 faiz, rəqibi müxalifət lideri Kamal Kılıçdaroğlu isə 47,9 faiz səs toplayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə