Ukraynada zərbələr üçün hədəfləri Putin şəxsən özü seçir

Bunu ukraynalı general iddia edir
Ukraynada zərbələr üçün hədəfləri Putin şəxsən özü seçir

...Putin Ukrayna şəhərlərinə aviazərbələr endirməklə müharibədəki uğursuzluqlarının qisasını alır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Ukrayna ordusunun generalı, Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Nikolay Malomuz bildirib.

Ukraynalı keçmiş kəşfiyyatçının dediyinə görə, Putin Ukraynaya, xüsusən Kiyevə vurduğu hücumların məqsədlərini şəxsən özü müəyyən edir.

Hazırda Putinin küncə sıxışdırıldığını deyən Malomuzun fikrincə, rusiyalı diktator ukraynalıları qorxutmaq və ölkəni danışıqlara məcbur etmək üçün ehtiyatsız davranmağa başlayıb.

“...Putinin bir xüsusiyyəti var, o, qisas almaqdır: irəliləyə bilmədiyi üçün qisas almaq, Ukraynanı ələ keçirmək. Əməliyyatların heç biri uğurlu alınmadı. Bu vəziyyətdə Putin şəxsən bölgələrdə və xüsusən də Ukraynanın paytaxtında məqsədyönlü zərbələr təşkil edir. Onlar daha nə edəcəklərini bilmirlər. Kiyevə gəlincə, bu proqram işə salınıb, lakin o da uğursuzluğa düçar olub”, -deyən Malomuz, rusların bu taktikalarının ukraynalılar arasında çaxnaşma yaratmadığını, əksinə, insanların təcavüzkara daha çox müqavimət göstərməyə meylləndirdiyini bildirib.

Ukraynalı kəşfiyyatçının fikrincə, bütün bunlar beynəlxalq ictimaiyyətin gözündə Rusiyanı terrorçu kimi göstərir, çünki mülki şəxslərə qarşı hücumlar kütləvi terrordur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə