Sanksiyalar, özü də 50 il müddətinə...

Artıq məlum olduğu kimi, Ukrayna prezidenti Vladimir Zelenski Ali Radaya İrana qarşı 50 il müddətinə sanksiyaların tətbiqinə dair qətnamə layihəsi təqdim edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik Şurasının 27 may tarixli qərarının təsdiqi haqqında qərar layihəsində deyilir.

Sənədə əsasən, sanksiyalara digər məsələlərlə yanaşı, ticarət əməliyyatlarına tam qadağa qoyulması, resursların tranzitinin dayandırılması və Ukrayna ərazisində İran sakinlərinin kapitalının bloklanması daxildir.

Bu arada iqtisadiyyat naziri Yuliya Sviridenko sanksiyaların tətbiqinə səbəb Tehranın Moskvaya verdiyi hərbi yardım olduğunu göstərib.

Ukrayna Tehranı Rusiyanı Ukraynanın kritik infrastrukturuna hücum üçün istifadə olunan silahlarla, xüsusən də “Şahed” pilotsuz təyyarələri ilə təchiz etməkdə ittiham edir.

İran isə öz növbəsində Rusiyaya az sayda, özü də müharibə başlamazdan əvvəl pilotsuz təyyarələr verdiyini , iddia edir.

Qeyd edək ki, ötən gün Vladimir Zelenski iranlıları Rusiyaya dəstəyi dayandırmağa çağırıb, çünki bu, İslam Respublikasının daha da təcrid olunmasına gətirib çıxaracaq. İran Xarici İşlər Nazirliyi buna cavab olaraq Ukrayna prezidentinin bəyanatını təbliğat xarakterli və Qərb ölkələrindən maliyyə yardımı eləcə də silah cəlb etmək məqsədi daşıyan bəyanat adlandırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə