Ruslar “könüllü” adı altında Ukrayna ordusuna soxulmağa cəhd ediblər

Ruslar “könüllü” adı altında Ukrayna ordusuna soxulmağa cəhd ediblər

Rus agentləri dəfələrlə xarici könüllülər adı altında Ukrayna ordusuna girməyə cəhd ediblər. Bununla belə, hərbi əməliyyatlarda iştirak edən bütün əcnəbilər, o cümlədən Rusiya könüllülər korpusu hərtərəfli yoxlamadan keçir.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Azadlıq” radiosuna müsahibəsində Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Çernyak danışıb.

Onun sözlərinə görə, genişmiqyaslı müharibənin başlanğıcında xarici ölkələrin vətəndaşlarının hərbi əməliyyatlarda iştiraka cəlb edilməsi xahişi ilə yüzlərlə müraciət daxil olub.

...Və biz bu və ya digər şəkildə bu insanları yoxlamaq məcburiyyətində qaldıq. Etiraf edilməlidir ki, Rusiya xüsusi xidmət orqanları da peşəkarcasına fəaliyyət göstərirdilər. Onu da qeyd etməliyik ki, bizdə çoxlu hallar olub ki, “mən könüllüyəm, Ukraynanı müdafiə etmək istəyirəm” adı altında rus agentləri aramıza qatılmağa çalışıblar. Amma biz vaxtında duyuq düşüb onları aşkar edərək müvafiq hüquq-mühafizə orqanlarına təhvil verə bilmişik.

Yeri gəlmişkən, bunu deyən Çernyak, “inanın mənə, bizim daxili təhlükəsizlik xidmətimiz aydın və peşəkar şəkildə işləyir”, - deyə əlavə edib.

Xatırladaq ki, mayın 21-də “Rusiya Könüllülər Korpusu” və “Rusiyanın Azadlığı” legionunun rus könüllüləri Belqorod vilayətinə reyd keçiriblər. Bundan sonra, mayın 25-də “Rusiya könüllülər korpusu” yenidən Rusiya sərhədini keçərək oradan video nümayiş etdirib.

Amma bütün bunlara baxmayaraq, Ukrayna kəşfiyyatının nümayəndəsi Andrey Yusov, rusiyalı könüllülərin Rusiya Federasiyası ərazisində təkbaşına fəaliyyət göstərdiklərini və Ukrayna tərəfi prosesi ancaq müşahidə etdiyini bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə