Məhbus dilinin bəlasına düşüb

Oneqa koloniyasının məhbusu Ukraynadakı müharibə haqqında danışdığına görə cərimələnib
Məhbus dilinin bəlasına düşüb

Arxangelsk vilayətinin məhkəməsi koloniya məhbusunu Ukraynadakı müharibəni digər məhkumlarla müzakirə etdiyinə görə 15 min rubl cərimələyib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbərə “OVD-İnfo” hüquq-müdafiə portalı diqqət çəkib.

Beləliklə, məhkumun adı Aleksandr Atamanovdur, Oneqadakı 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. İttiham tərəfinin sözlərinə görə, o, digər məhbuslara Vladimir Putin ordunun və Federal Təhlükəsizlik Xidmətinin köməyi ilə əyyaş və kasıb əhalini məhv etmək üçün süni şəkildə Ukraynada münaqişə yaratdığına inandırıb.

Onun dediyinə görə, Putin bununla Rusiyada ağır maliyyə vəziyyəti yaradıb.

Buna görə də, əyyaş və kasıb ruslar Ukraynada xüsusi hərbi əməliyyatda pul qazanmaq üçün iştirak etməyə məcbur olublar.

Hüquq müdafiəçiləri xatırladırlar ki, oxşar hadisə Krasnoyarsk koloniyalarından birində də olub. Orada məhbus iddia edib ki, Ukraynadakı müharibənin məqsədi Rusiya hakimiyyətinin bəhs etdiyi “denazifikasiya” deyil, guya Vladimir Zelenski hökumətinin devrilməsidir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə