Bu arada 103 Nobel mükafatçısı 2022-ci il Sülh Mükafatı laureatı Ales Belyatskinin azadlığa buraxılması tələbi ilə məktub imzalayıblar.
SİA-nın əldə etdiyi məlumata görə, müraciət beynəlxalq PEN klubunun saytında dərc olunub. Belaruslu hüquq müdafiəçisi mətndə bütün dünyadakı həmkarları üçün ümid və ilham simvolu adlandırılır. Məktubda Belyatskinin həyatının Belarusda demokratiya və insan haqlarının təşviqinə həsr etdiyi qeyd olunur.
İmzalayanlar arasında kimya, tibb və fiziologiya, fizika, iqtisadiyyat, ədəbiyyat və sülh üzrə mükafatın laureatları da var. Qeyd edək ki, iki laureat - 87 yaşlı astronom Robert Vudro Vilson və 91 yaşlı mikrobioloq Hamilton Smit mükafatı 1978-ci ildə alıblar. Maraqlıdır ki, imzalayanlar arasında iki rusiyalı, sülh mükafatı laureatı Dmitri Muratov və fizik Konstantin Novosyolov da var.
Müraciət müəllifləri təkcə Belyatskiyə qarşı deyil, həm də onun yaratdığı “Viasna” hüquq müdafiə təşkilatının digər üzvlərinə qarşı da ittihamların rədd edilməsini və üzərlərindən götürülməsini tələb edirlər.
Xatırladaq ki, Belarus hakimiyyəti insan haqları mərkəzinin informasiya məhsullarını ekstremist kimi tanıyıb, onların ölkədə fəaliyyəti de-fakto qadağan edilib.
Yeri gəlmişkən, Belyatski 2022-ci ildə insan hüquqları sahəsində fəaliyyətinə görə Nobel Sülh Mükafatına layiq görülüb. O, 2021-ci ildən həbsdədir. Mart ayında Minsk məhkəməsi onu 2020-ci ildə Aleksandr Lukaşenkoya qarşı etirazları maliyyələşdirmək və pul qaçaqmalçılığı ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edib. Hüquq müdafiəçisi təqsirli olduğunu qəbul etmir və təqibini siyasi adlandırır.
Qeyd edək ki, hazırda Belarusda azı 1525 siyasi məhbusun saxlanıldığı deyilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB