Tacikistan Suriyadan 100-dən çox qadın və uşağı geri qaytarıb

Tacikistan Suriyadan 100-dən çox qadın və uşağı geri qaytarıb

Tacikistan hakimiyyəti Suriyadan İŞİD yaraqlılarının (bir çox ölkələrdə, o cümlədən Tacikistanda qadağan olunmuş ekstremist qrup-A.B.) 100-dən çox qadın və uşağını vətənlərinə qaytarıb. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, xüsusi reys mayın 21-i axşam Tacikistanın paytaxtına çatıb.

Qadınların və uşaqların geri qaytarılması kampaniyasına cavabdeh olan Tacikistanın Küveyt və Suriyadakı səfiri Zubaidullo Zubaidzoda mayın 21-də bildirib ki, Suriyadan Tacikistana 31 qadın və 73 azyaşlı olmaqla 104 nəfər gətirilib.

Qeyd edilir ki, bu qadınların əksəriyyəti 2014-2016-cı illərdə həyat yoldaşları ilə birlikdə Suriya və İraqa gedib. Belə ki, 2018-ci ildə İŞİD məğlub olduqdan sonra Suriyadakı qaçqın düşərgələrinə yerləşdiriliblər.

Tacikistan Xarici İşlər Nazirliyinin sözçüsü Abduqaffor Kamol qadın və uşaqların Suriyadan qayıtmasını “mühüm hadisə” adlandırıb. Onun sözlərinə görə, xüsusi reyslə gələnlərin hamısı xüsusi ayrılmış yerlərə aparılacaq, orada reabilitasiya kursu keçəcək, lazım gəldikdə isə müalicə olunacaqlar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə