Şimalı Qafqaz xalqları Qafqaz müharibəsi qurbanlarının anım günü ilə bağlı yürüş keçirlər
Qadağalara baxmayaraq...

Nalçikdə Qafqaz Müharibəsinin başa çatmasının ildönümü ilə bağlı ənənəvi yürüş keçirilib. Belə ki, yüzə yaxın insan şəhərin mərkəzindən “Həyat ağacı” abidəsinə doğru yürüş ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, bundan əvvəl yerli hakimiyyət orqanları yürüşə icazə verməsələr də, amma sonradan aksiyanın keçirilməsinə mane olmayıb.

Qeyd edək ki, Qaraçay-Çərkəz Respublikasının paytaxtı Çerkesskdə də anım tədbirləri keçirilib - orada Qaraçay-Çərkəz hökumətinin nümayəndələrinin iştirak etdiyi mitinq, ayin və dua mərasimi ilə davam etdirilib.

Qonşu Adıgey rayonunun rəhbəri Murat Kumpilov da qədim diyarda sülh və əmin-amanlığı təmin etməyə çağıran Anım Günü haqqında danışıb.

Yeri gəlmişkən, Gürcüstanda da Qafqaz müharibəsinin qurbanları anılıb. Belə ki, Anaklia şəhərində (Zuqdidi bələdiyyəsində statusu olmayan kurort qəsəbəsi-A.B.) Çərkəz Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Çərkəz soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidədə toplantı keçirilib. Tədbirdə həmçinin Şimali Qafqaz, Türkiyə, İordaniya diasporunun və yerli hakimiyyət orqanlarının nümayəndələri də iştirak ediblər.

Xatırladaq ki, 1817–1864-cü lləri əhatə etmiş Qafqaz müharibəsi Rusiya imperiyası ilə Şimali Qafqaz xalqları arasında yaşanıb.

Şimali Qafqaz ərazilərində baş vermiş müharibədə Rusiya imperiyasına qarşı əsasən Çərkəzlər və Şeyx Şamil öndərliyində çeçenlər və dağıstanlılar iştirak etmişlər. Qafqaz müharibəsinin nəticəsi olaraq, ərazinin yerli xalqlarından olan çərkəzlər yaşadıqları torpaqlardan Anadolu ərazinə sürgün edilmişdir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə