Omskda polisdən istefa verməyə cəhd edən Çeçenistan sakini saxlanılıb

Omskda polisdən istefa verməyə cəhd edən Çeçenistan sakini saxlanılıb

Omsk vilayətində Federal Təhlükəsizlik Xidmətinin sərhədçiləri ölkəni tərk edərək Qazaxıstanla sərhədi keçmək istəyən Çeçenistan sakini Yasin Muxmad-Emieviç Xalidovu saxlayıblar.

“Novaya qazeta”nın məlumatına görə, 19 yaşlı Xalidov əvvəllər Çeçenistan polisində və Milli Qvardiyada xidmət edib, həmçinin Ukrayna ilə müharibəyə göndərilib, lakin dəfələrlə xidməti tərk etməyə cəhd edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, beş saatlıq dindirmədən sonra Yasin Xalidov Omsk Daxili İşlər Nazirliyinin şöbəsinə aparılıb. Saxlanılan şəxsə qarşı hər hansı ittihamın olub-olmadığı məlum deyil.

Nəşrin yazdığına görə, 2021-ci ildə, Xəlidovun 17 yaşı olanda qohumları orta məktəb diplomunun belə olmamasına baxmayaraq, onu yerli polisə işə düzəldiblər. O, Daxili İşlər Nazirliyinin əməkdaşı kimi, xüsusən də Çeçenistan sakinlərinin, o cümlədən ekstremizmə meylli şəxslərin müəyyən edilərək saxlanılması üzrə əməliyyat işi ilə məşğul olub.

2022-ci ildə Milli Qvardiyaya köçürülən gənc sentyabr ayında müharibəyə göndərilib. Ukrayna ərazisində keçirdiyi dörd ayın hamısında o, xəstə anasına qulluq etmək zərurətini əsas gətirərək xidməti tərk etməyə çalışıb.

Çeçenistana qayıtdıqdan sonra qeyri-rəsmi olaraq “sədaqətsizlikdə” şübhəli bilinərək saxlanılıb və terrorla bağlı cinayət işi açılacağı ilə hədələnib.

Xalidov saxlandığı çeçen polis bölmələrindən birinin ərazisindən qaça bilib və bu il yanvarın sonunda respublikanı tərk edib. O, kömək üçün özlərini hüquq müdafiəçisi adlandıran yerli bloggerlər İbrahim və Baysanqur Yanqulbayevə müraciət edib. Keçmiş polis Rusiyanı tərk etməyə kömək olunacağına ümid edib.

Maraqlıdır ki, Xalidov Omskda saxlanıldıqdan sonra əlaqə saxlaya bildiyi hüquq müdafiəçiləri onun təhlükə altında ola biləcəyini bildiriblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə