İran hökumət əleyhinə etiraz edən daha üç nəfəri edam edib

İran hökumət əleyhinə etiraz edən daha üç nəfəri edam edib

İranda hökumət əleyhinə etiraz edən daha üç nəfər edam edilib. Bundan əvvəl də hüquq müdafiəçiləri onlara qarşı prosesin qanun pozuntusu ilə aparıldığını, zorla etirafların alındığını dəfələrlə bəyan ediblər.

Qeyd edək ki, Saleh Mirhaşemi, Məcid Kazemi və Səid Yakubi cümə günü, mayın 19-da İsfahan həbsxanasında edam ediliblər. Onlar ötən il noyabrın 16-da kütləvi etirazların yatırılması zamanı hərbi polisin üç əməkdaşının öldürüldüyü insidentdə iştirakda ittiham olunublar.

Məhkəmənin hökmü isə qətlə deyil, İran hakimiyyətinin siyasi fəalların işlərində tez-tez istifadə etdiyi “Allaha qarşı üsyan” ifadəsinə aiddir.

Yeri gəlmişkən, təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər.

SİA xəbər verir ki, İran İnsan Haqlarının hesablamalarına görə, bu ilin əvvəlindən İranda 200-dən çox edam hökmü icra edilib. Onu da xatırladaq ki, keçən il bu rəqəm 582 olub.

2022-ci ilin sentyabrında İranda hicab qanununu pozduğuna görə vitse-polis tərəfindən həbs edilən 22 yaşlı fəal Məhsa Əmininin ölümü ilə bağlı etirazlar başlamışdı. İran hakimiyyəti etirazları güc tətbiq etməklə vəhşicəsinə yatırdı. Hüquq müdafiəçiləri 500-dən çox insanın, o cümlədən 400-dən çox etirazçı və hüquq-mühafizə orqanları əməkdaşının öldüyünü, 18 minə yaxın insanın isə saxlanıldığını bildiriblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə