"Rusiya arzuolunmaz uçuşunu Tbilisiyə endirdi"

"Rusiya arzuolunmaz uçuşunu Tbilisiyə endirdi"

Beləliklə, dörd ildən sonra ilk dəfə olaraq Moskvadan Tbilisiyə təyyarə gəlib.

Qeyd edək ki, Gürcüstan prezidenti Salome Zurabişvili Rusiya ilə uçuşların bərpasına mənfi reaksiya verib.

“Gürcü xalqının müqavimətinə baxmayaraq, Rusiya arzuolunmaz uçuşunu Tbilisiyə endirdi. Biz bu uçuşları istəmirik(?)”.

Gürcüstan prezidenti bunu sosial şəbəkədə yazıb.

Xatırladaq ki, bundan əvvəl Zurabişvili Rusiya prezidenti Vladimir Putinin Gürcüstan vətəndaşları üçün vizaların ləğvi və uçuşların bərpası ilə bağlı qərarını təxribat adlandırmışdı.

Yeri gəlmişkən, dörd ildən sonra Moskvadan gələn ilk təyyarə bu gün Tbilisi hava limanına eniş edib. Uçuşu “Azimut” aviaşirkəti həyata keçirib.

Bildirək ki, Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşlar üçün artıq beş aviaşirkət müraciət edib. Mayın 15-də Gürcüstanın Mülki Aviasiya Agentliyi Rusiyanın “Azimut” aviaşirkətinə ölkəyə uçuşlar üçün ilk icazə verib.

Daha sonra Gürcüstanın “Georgian Airways” aviaşirkəti icazə alıb. Mayın 19-da məlum olub ki, Rusiyanın “Red Wings” aviaşirkəti də Soçidən Tbilisiyə və Moskvadan Kutaisiyə uçuşlar üçün icazə alıb.

Gürcüstan hakimiyyəti yalnız Qərbin sanksiyaları altında olmayan aviaşirkətlərə ölkəyə uçuşlara icazə verəcəklərini vurğulayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə