Qazaxıstan Rusiyanın işğalından qorxur?

Qazaxıstan Rusiyanın işğalından qorxur?

Son 6 ay ərzində Rusiyanın Qazaxıstana müdaxiləsini ehtimal edən sakinlərin sayı xeyli artıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bunu “MediaNet” və “PaperLab” təşkilatlarının keçirdiyi ictimai rəy sorğularının nəticələri də sübut edir.

Qeyd edək ki, bununla bağlı sorğu mayın ilk həftəsində keçirilib. Belə ki, 1100 respondentin iştirak etdiyi sorğuda Rusiyanın Qazaxıstanı da işğal edə biləcəyindən ehtiyat edən respondentlərin nisbəti 8,3 faizdən 15 faizə yüksəlib.

Rəyi soruşulanların demək olar ki, üçdə biri Ukraynaya davam edən işğala görə Rusiyaya münasibətin pisləşdiyini bildirib. Yarıdan çoxu Rusiyaya münasibətinin dəyişmədiyini bildirib. Təxminən 5 faiz Rusiyaya münasibətinin yaxşılaşdığını bildirib.

Eyni zamanda, ötən ilin dekabrından bəri qazaxıstanlıların Ukraynaya qarşı müharibəyə münasibəti praktiki olaraq dəyişməyib. Respondentlərin yarıdan çoxu, yəni 60 faizi müharibəyə neytral yanaşdığını, 12,8 faizi Rusiyanı, 21,1 faizi isə Ukraynanı dəstəklədiyini bildirib.

Yeri gəlmişkən, Mayın 15-də Saxalin sakini Maksatbek Kelebayev Rusiyanın Ukraynaya qarşı müharibəsini tənqid etdiyinə və Rusiyanın onun ölkəsinə də hücum edə biləcəyindən ehtiyat etdiyinə görə Rusiyadan deportasiya edilib və ölkəyə girişi 70 il müddətinə qadağan edilib. O, həmçinin 30 min rubl cərimə olunub.

Qeyd edək ki, bu gün rəsmi olaraq Qazaxıstan Rusiyanın Ukraynaya qarşı müharibəsində neytral mövqe tutur. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ukrayna ərazilərinin ilhaqını tanımadığını bəyan edib. Bununla belə, ölkə Rusiya ilə sıx ticarət əlaqələri saxlayır və Tokayev 2023-cü ildə Moskvada keçirilən Qələbə Paradında iştirak edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə