Rusiyada rejissorların həbsi barədə qərar verilib

Rusiyada rejissorların həbsi barədə qərar verilib

Rusiyanın paytaxtı Moskva məhkəmələrindən biri məşhur kinorejissor Aleksandr Rodnyanski və teatr rejissoru İvan Vırıpayevi Rusiya ordusu haqqında “yalan məlumat yaymaqda” ittiham edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, məhkəmənin verdiyi açıqlamada Rodnyanski və Vırıpayevin Rusiyadan kənarda olduqları və tutulacağı təqdirdə həbs ediləcəyi bildirilib. Rusiya Daxili İşlər Nazirliyi teatr direktoru Vırıpayevi federal axtarışda olanlar siyahısına əlavə edib.

Ukraynanın paytaxtı Kiyevdə anadan olan, rus kinosunun ən nüfuzlu simalarından olan kinorejissor və prodüser Aleksandr Rodnyanski 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya hücumlarının başlamasından sonra ölkəsini tərk edib. Rodnyanski müharibə əleyhinə bəyanatlarına görə 2022-ci ilin oktyabrında Rusiya Ədliyyə Nazirliyi tərəfindən “xarici agent” elan edilib.

Polşanın paytaxtı Varşavada yaşayan məşhur dramaturq, teatr rejissoru və aktyor İvan Vırıpayev də Rusiyanın Ukraynaya hücumlarını sərt şəkildə tənqid edib.

Qeyd edək ki, Ukraynada müharibə başlayandan bəri Rusiyada müharibə əleyhinə bəyanatlar verən bir çox müxalifət xadimləri cərimələnərək həbs edilib, bəziləri xarici agent elan edilib, digərləri isə qara siyahıya salınıb.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə