Putinin fərmanı Rusiyadan qaçanların qabağını alacaqmı?

Putinin fərmanı Rusiyadan qaçanların qabağını alacaqmı?

Rusiya prezidenti Vladimir Putin əhalinin ölkədən çıxışını azaltmaq üçün tədbirlər görməyə göstəriş verib. Mayın 12-də o, Rusiyanın Dövlət Miqrasiya Siyasəti Konsepsiyasına dəyişiklik edən müvafiq fərman imzalayıb.

Sənəddə deyildiyi kimi, “2022-ci ildə dəyişmiş sosial-iqtisadi şəraitin təsiri altında Rusiya Federasiyası əhalisinin xaricə miqrasiya axını artıb”.

Maraqlıdır ki, dəyişən şərtlər dedikdə nə nəzərdə tutulduğu izah edilmir.

Xatırladaq ki, 2022-ci il fevralın 24-də Putinin göstərişi ilə Rusiya Ukraynaya genişmiqyaslı silahlı hücuma başladı və həmin ilin sentyabrında ölkədə səfərbərlik elan edildi. Fevral-martın sonu, daha sonra isə sentyabr-oktyabrın sonunda yüz minlərlə insanın Rusiyanı tərk etdiyi təxmin edilir.

Əslində elə bundan əvvəl də az-çox qarşıda gözlənilən vəziyyətdən duyuq düşənlər ölkəni tərk etməyə başlamışdılar. Amma bu elə də intensiv xarakter almamışdı.

Qeyd edək ki, Putinin imzaladığı fərmanda hakimiyyətin insan kapitalının qorunması, əhalinin xaricə axınının azaldılması üçün cəlbedici maliyyə, sosial və digər mexanizmlərin yaradılması üçün əlavə tədbirlər görəcəyi deyilir.

Amma burada da bu tədbirlərin nədən ibarət olduğu deyilmir.

Onu da qeyd edək ki, fərmanda Rusiya tərəfindən ilhaq olunduğu elan edilən Ukraynanın dörd vilayətinin - Donetsk, Luqansk, Zaporojye və Xerson sakinləri barədə verilən bəndlər də natamamdır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, fərmanın digər bəndində Rusiyada əcnəbi vətəndaşların əmək fəaliyyətinin həyata keçirilməsinə mütəşəkkil şəkildə cəlb edilməsinin miqyasının artırılması təklif edilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə