ABŞ səfiri Cənubi Afrikanı Rusiyaya silah verməkdə ittiham edir

ABŞ səfiri Cənubi Afrikanı Rusiyaya silah verməkdə ittiham edir

ABŞ-ın Cənubi Afrikadakı səfiri, paytaxt Pretoriyanın Ukrayna müharibəsində bəyan etdiyi bitərəfliyə baxmayaraq, Rusiyaya silah verməkdə ittiham edib.

Amerika diplomatik missiyasının rəhbəri Ruben Bricti yerli mətbuata bildirib ki, ötən ilin dekabrında bu ölkənin ikinci böyük şəhəri Keyptaunda Rusiya gəmisinə silah və sursat yükləndiyinə əmindir.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramaposa bəyanatı şərh edərkən, hökumətin artıq məlumatı öyrəndiyinə inandırıb.

Bu arada Ruben Bricti Pretoriyada keçirdiyi brifinqdə, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı Cənubi Afrika Respublikasının mövqeyi Vaşinqtonu narahat etdiyini bildirib.

Diplomat ötən il dekabrın 6-dan 8-dək “Lady R” yük gəmisinin Simonstaundakı hərbi-dəniz bazasında qaldığını xatırladıb. Səfir, Rusiyaya qayıdan gəminin anbarlarına silahların yükləndiyinə əminlik bildirib.

Qeyd edək ki, Birləşmiş Ştatlar bir neçə aydır ki, Cənubi Afrika hakimiyyətini Rusiya ilə “rahat” münasibətləri saxlamaqda tənqid edir.

Vaşinqton həmçinin Cənubi Afrikanın Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin ildönümündə Rusiya və Çinlə birgə hərbi təlimlərdə iştirakından narahatlığını da bildirib. Qeyd edək ki, Cənubi Afrikadakı müxalifət nümayəndələri ölkənin manevrlərdə iştirakını işğala bəraət qazandırmaq kimi dəyərləndirsələr də, amma hökumət bunu təkzib edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə