Rusiya Polşa ilə elm sahəsində müqaviləni ləğv edir

Rusiya Polşa ilə elm sahəsində müqaviləni ləğv edir

Rusiya Polşa ilə elm və texnologiya sahəsində əməkdaşlıq haqqında müqaviləni ləğv edir. Bu barədə cümə axşamı Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən rəsmi hüquqi informasiya portalında dərc olunan məlumatda qeyd olunur ki, müqaviləyə ötən həftə, mayın 3-də xitam verilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, əməkdaşlıqla bağlı sazişlər hələ 1993-cü ilin avqustundan qüvvədə idi. Sazişdə “iki dövlət arasında dostluq əlaqələri nəzərə alınmaqla” imzalandığı deyilirdi.

Keçən ilin martında Polşanın təhsil və elm nazirinin müavini Vlodzimierz Bernaçkiyə istinadən xəbər verilmişdi ki, Polşa nazirliyi Rusiya ilə elm və texnologiya sahəsində əməkdaşlığa son qoyur. Eyni zamanda, Polşanın bir sıra universitetlərinin Rusiyadakı elmi qurumlarla əməkdaşlığı dayandırmaq qərarına gəlindiyi də məlum olub.

Qeyd edək ki, qərar Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqələndirilib.

Xatırladaq ki,NATO üzvü olan Polşa Rusiyanın ötən ilin fevralında Ukraynaya genişmiqyaslı müdaxiləsinə başlamasından sonra Moskvaya qarşı ən sərt mövqelərdən birini tutub. Belə ki, ölkədə sovet əsgərlərinin abidələrinin sökülməsi sürətlənib. Mayın 10-da Varşavanın Polşanın rəsmi sənədlərində Kalininqradın adının Krulewiec olaraq dəyişdirilməsi ilə bağlı qərarı da məlum olub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə