Fransa Çinə çağırış edib

Fransanın xarici işlər naziri Ketrin Kolonna bildirib ki, Çin Rusiyanı Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə inandırmaqda mühüm rol oynaya bilər.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, Kolonna dünən Fransada səfərdə olan çinli həmkarı Çin Qanqla görüşüb.

Kolonna Çinin Moskva administrasiyasını Birləşmiş Millətlər Təşkilatının (BMT) nizamnaməsinə və xüsusilə də Ukraynanın suverenliyi və ərazi bütövlüyünə hörmət etməyə inandırmaqda mühüm rola malik olduğunu vurğulayıb.

Fransalı nazir həmçinin Çinə İran və Şimali Koreyanı nüvə proqramları ilə bağlı beynəlxalq öhdəliklərə əməl etməyə təşviq edərək, nüvə silahının yayılması böhranını aradan qaldırmağa səy göstərməsi ilə əlaqədar çağırış edib.

Çin Xarici İşlər Nazirliyinin görüşlə bağlı verdiyi açıqlamada nazir Çin Qanqın ölkəsinin Ukrayna böhranının siyasi yolla həll olunmasının tərəfdarı olduğu və bu istiqamətdə bütün tərəflərlə əlaqə yaratmağa davam edəcəyi bildirilib.

Çinin Avropanı "hərtərəfli strateji tərəfdaş" olaraq gördüyünü ifadə edən Çin Qanq Avropanın strateji muxtariyyətini gücləndirməsini və beynəlxalq arenada fəal rol oynamasını dəstəklədiyini qeyd edib.

“Çin-Avropa münasibətləri nə üçüncü tərəfi hədəf almamalı, nə də üçüncü tərəfin nəzarəti altında olmamalıdır”,-deyə Çin Qanq bildirib.

Çin Qanq iki ölkənin beynəlxalq münasibətlər sahəsində əməkdaşlığı gücləndirərək qlobal problemlərin həlli üçün birgə işləməsinin vacibliyini vurğulayıb.

Çin Qanq Fransaya etdiyi səfər çərçivəsində Kolonna ilə yanaşı, Fransa prezidentinin diplomatik məsələlər üzrə müşaviri səfir Emmanuel Bonne ilə görüşüb.

Görüş zamanı tərəflər Çin-Fransa münasibətləri, Ukrayna böhranı və digər məsələləri müzakirə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə