Gərək ki, yadınızda olar, o vaxt, yəni fevral ayında Münhendə keçirilən Təhlükəsizlik Konfransı zamanı Böyük Britaniyanın baş naziri Rişi Sunak ölkəsinin Ukrayna Silahlı Qüvvələrinə uzaq mənzilli raketlər verəcək ilk dövlət olacağına söz vermişdi. Budur, SİA-nın əldə etdiyi məlumata ingilis nazir dediklərini artıq reallaşdırıb.
Belə ki, Ukrayna ilk dəfə olaraq Qərb ölkələrindən, dəqiq desək Böyük Britaniyadan 200 kilometrdən çox məsafədə hədəfləri vura bilən qanadlı raketlər alıb.
Yeri gəlmişkən, BBC xəbər verir ki, bu barədə ilk olaraq mənbələrə istinadən CNN məlumat yayıb və sonra Britaniya hökuməti də bunu artıq təsdiqləyib.
Qeyd edilməlidir ki, indiyədək Ukrayna ordusu Qərbdən ancaq 80 kilometrə qədər məsafədəki hədəflərə hücum edə bilən silahlar alıb. Yəni Ukrayna münaqişə boyu müttəfiqlərdən uzaqmənzilli raket sistemləri tələb etsə də, bu tələblər həmişə ya rədd edilib, ya da cavabsız qalıb.
Belə ki, Vaşinqton və onun ardınca digər NATO müttəfiqləri Kiyevə Rusiya ərazisinin dərinliklərində hədəfləri vura bilən silahlar verməkdən çəkiniblər.
Səbəb kimi isə, təbii ki, rusların nüvə hədəsi göstərilib.
Maraqlıdır ki, Böyük Britaniyanın müdafiə naziri Ben Uolles mayın 11-də İcmalar Palatasının iclasındakı çıxışında, Ukraynaya veriləcək raketlərin Kiyevə rus qoşunlarının ölkə ərazisindən qovub çıxarmağa imkan verəcəyini bəyan edib.
Amma maraqlıdır ki, London hökuməti Kiyevdən raketlərin Rusiya ərazisinə hücum etməyəcəyinə dair zəmanət alıb. Amma bununla belə, söhbət Ukraynanın ilhaq edilmiş ərazilərindəki hədəflərdən getmir.
Yeri gəlmişkən, ingilislərin Kiyevə verdikləri “Storm Shadow” raketləri Rusiya xəttinin arxasındakı hədəfləri vurmağa qadirdir ki, bu da Rusiyanın əməliyyatlarını pozmaq, eləcə də Ukraynanın genişmiqyaslı hücumuna hazırlaşmaq üçün vacib ola bilər. Onu da qeyd edək ki, Moskvada bu cür silahların Ukrayna Silahlı Qüvvələri tərəfindən alınması kəsişməsinə cavab veriləcək “qırmızı xətt” adlanırdı.
Və sonda xatırladaq ki, “Storm Shadow” raketləri 1990-cı illərdə və 2000-ci illərin əvvəllərində Böyük Britaniya tərəfindən Fransa ilə əməkdaşlıqda hazırlanıb. Onlar 450 kiloqram partlayıcı olan döyüş başlıqlarını daşıya bilirlər.
...Belə raketlərdən Böyük Britaniya İraqda “İslam dövləti”nə qarşı əməliyyat zamanı fəal şəkildə istifadə edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB