Gürcüstandakı oliqarxlar kimlərdir?

Gürcüstandakı oliqarxlar kimlərdir?

Milyarder, keçmiş baş nazir və “Gürcü arzusu”nun qurucusu Bidzina İvanişvili Gürcüstan xalqının oliqarx hesab etdiyi şəxslərin siyahısına başçılıq edir.

SİA-nın əldə etdiyi məlumata görə, onun adını CRRC (The Caucasus Research Resource Centers) Georgia tədqiqat təşkilatının keçirdiyi sorğu zamanı iştirakçıların 45 faizi verib.

Bu arada “Novosti-Georgia” agentliyi, deoliqarxizasiyanın Gürcüstanın Avropa İttifaqına namizəd statusu əldə etməsi üçün şərtlərdən biri olduğunu xatırladıb. Hakim partiya Bidzina İvanişvilinin oliqarx yox, xeyriyyəçi olduğunu, müxalifət isə onun hələ də “Gürcü arzusu” ilə ölkəni gizli idarə etdiyini iddia edir.

Sorğu zamanı respondentlərdən deoliqarxizasiya şəraitində adı kimin nəzərdə tutulduğu sualına cavab vermələri xahiş olunub.

Beləliklə, Bidzina İvanişvilidən sonra keçmiş müdafiə naziri David Kezeraşvili ikinci yeri tutdu – 9 faiz. Qeyd edək ki, Gürcüstanın hakim partiyası onu oliqarx adlandırır.

Maraqlıdır ki, digər 8 faiz həbsdə olan üçüncü prezident Mixail Saakaşvilinin, 7 faiz müxalifətdəki “Lelo” partiyasının lideri Mamuka Xazaradzenin, 5 faizi isə keçmiş iqtisadiyyat naziri Vano Çxartişvilinin adını çəkib.

Soruşulanların 37 faizi sualın cavabını bilmədiyini deyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə