Ukraynalılar ilk dəfə rusların “vurulabilməz” “Kinjal”ını vurublar?

Ukraynalılar ilk dəfə rusların “vurulabilməz” “Kinjal”ını vurublar?

...Onu necə deyərlər, hə,.. sənə güvəndiyim dağlar, sənə də qar yağarmış?

Beləliklə, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk, mayın 3-dən 4-nə keçən gecə Kiyevin ilk dəfə olaraq “Patriot” hava hücumundan müdafiə sistemindən istifadə etməklə Rusiyanın “X-47 Kinjal” hipersəs raketini vurmağa nail olduqlarını bildirib.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Oleşçuk, raketin Kiyevə hücum zamanı vurulduğunu deyib. Maraqlıdır ki, komandan “düşmən tərəfindən istifadə oluna biləcək məlumatları əvvəlcədən dərc etməməyə” çağırıb.

Qeyd edək ki, bundan əvvəl Ukraynanın “Defence Express” nəşri “Kinjal”in vurulduğunu yazmışdı.

Belə ki, jurnalistlər Kiyev stadionlarından birinə düşən raket parçalarının fotoşəkillərini təhlil ediblər. Fotolar mənbələrdən götürülüb. Şəkillərdən birində “Defense Express” şirkəti “X-47 Kinjal” raketində istifadə edilənə bənzəyən bir burun konusunu müəyyən edib.

Nəşr diqqəti mayın 4-də Kiyev şəhər hərbi administrasiyasının “ehtimal ki, ballistik tipli” raketlərin məhv edildiyini elan etdiyinə, həmçinin Ukraynanın bu yaxınlarda PAC-3 modifikasiyasına uyğun olaraq “Patriot” kompleksləri almasına diqqət çəkib.

İlkin olaraq Ukrayna Silahlı Qüvvələri vurulan “Kinjal” raketi ilə bağlı məlumatı şərh etməkdən imtina edib. Daha sonra Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin nümayəndəsi polkovnik Yuri İqnat mediaya verdiyi şərhdə mayın 4-də Kiyev üzərində ballistik raketlər qeydə alınmadığını bildirib(?).

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə