Bağdad həbsxanasında 400-dən çox İŞİD arvadı aclıq aksiyası keçirir

Bağdad həbsxanasında 400-dən çox İŞİD arvadı aclıq aksiyası keçirir

Bağdaddakı həbsxanada terrora yardım ittihamı ilə saxlanılan 400-dən çox qadın aclıq aksiyası keçirib. Bunlar İslam Dövləti yaraqlılarının arvadlarıdır. SİA BBC-yə istinadən aclıq aksiyası keçirənlər arasında Rusiya vətəndaşlarının olduğunu da bildirir.

Ümumilikdə, BBC-nin məlumatına görə, Bağdaddakı Rusafa həbsxanasında onlarla rusiyalı, həmçinin Türkiyə, Ukrayna, Qırğızıstan, Azərbaycan, Fransa, Almaniya və digər ölkələrin vətəndaşları da daxil olmaqla 600-ə yaxın qadın var. Onların övladları da həbsdədir, məhbusların özlərinin hesablamalarına görə, ümumilikdə yüzə yaxındır.

BBC-nin həmsöhbətinin sözlərinə görə, məhbuslar ədalətsiz cəzalardan, dözülməz həyat şəraitindən və mühafizəçilərin döyməsindən şikayətlənirlər. O, iddia edir ki, 6 il həbsxanada ən azı 60 qadın və 20 uşaq tibbi yardımın gecikməsi səbəbindən dünyasını dəyişib. Ölən sonuncu uşaq üç yaşında olub.

Qeyd edək ki, qadınlar saxlanma şəraitinin yaxşılaşdırılmasını və cəzalarına yenidən baxılmasını tələb edirlər.

Onu da qeyd edək ki, terror təşkilatı ilə şəriklik ittihamı ilə onlar uzun müddətə, ömürlük həbsə məhkum ediliblər. BBC həmsöhbətinin sözlərinə görə, onun tanıdığı qadınların heç biri bilərəkdən İslam Dövlətinə qoşulmayıb və hamısı sadəcə ərlərinin ardınca gedib.

Qadınların çoxu hara getdiklərini belə bilmirdilər.

Yeri gəlmişkən, İraq rəsmiləri həbsxanada aclıq aksiyası və ölümlərlə bağlı BBC-nin suallarını cavablandırmayıb.

Buna baxmayaraq İraqın Ədliyyə Nazirliyi həbsxananın, həqiqətən də, dörd dəfə dolu olduğunu etiraf edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə