Şoyqu: "Ukrayna aprel ayında 15 mindən çox hərbçi itirib"

Şoyqu: "Ukrayna aprel ayında 15 mindən çox hərbçi itirib"

Rusiya ordusunun komandanlığı ilə görüşən müdafiə naziri Sergey Şoyqu Ukrayna Silahlı Qüvvələrinin aprel ayında 15 mindən çox itki verdiyini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri çərşənbə axşamı, mayın 2-də “RİA Novosti” yayıb.

Rusiya Müdafiə Nazirliyinin rəhbərinin sözlərinə görə, rus qoşunları bütün təmas xətti boyunca fəaldır və müttəfiqlərin köməyinə baxmayaraq, Ukrayna itki verməkdə davam edir.

“Rusiya Silahlı Qüvvələri bütün təmas xətti boyunca fəaldır. Qərb ölkələrinin görünməmiş hərbi yardımına baxmayaraq, düşmən xeyli itki verir. Təkcə son bir ay ərzində onlar 15 mindən çox insanı itiriblər”, - deyən Rusiya Müdafiə Nazirliyinin rəhbəri bundan əlavə, son bir ay ərzində Ukrayna ordusunun 8 hərbi təyyarə, 277 pilotsuz uçuş aparatı, 430 tank və digər zirehli döyüş maşını, 18 reaktiv yaylım atəşi sistemi, 225 səhra artilleriya qurğusu və minaatan itirdiyini də əlavə edib.

Şoyqunun dediyinə görə, Rusiya Federasiyasının Müdafiə Nazirliyi Rusiya Aerokosmik Qüvvələrinin Ukraynadakı hərbi sənaye obyektlərinə effektiv kütləvi zərbələr endirib. Rusiya Aerokosmik Qüvvələrinin raket zərbələri üçün təyin etdiyi bütün hədəflər vurulub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə