Litvada sovet dövrü ilə bağlı küçə və meydan adları dəyişir

Litvada sovet dövrü ilə bağlı küçə və meydan adları dəyişir

Litvada mayın 1-dən ictimai yerlərin sovetsizləşdirilməsi haqqında qanun qüvvəyə minib. Bələdiyyələrdən sovet abidələrini yığışdırmaq və Litva tarixində adları sovet dövrü ilə bağlı olan küçə və meydanların adlarını dəyişmək tələb olunacaq.

SİA-nın əldə etdiyi məlumata görə, tam qanun “Totalitar, avtoritar rejimlərin və onların ideologiyalarının təbliğatının qadağan edilməsi haqqında” adlanır.

Seymin - Litva Parlamentinin mətbuat xidmətinin məlumatına görə, ictimai obyektlərin təbliğat kimi tanınması Litva Əhalisinin Soyqırımı və Müqavimətinin Öyrənilməsi Mərkəzi, eləcə də bələdiyyə qurumları tərəfindən həyata keçirilir.

Qeyd edək ki, Seym özü də bu məsələ ilə məşğul olacaq idarələrarası komissiya yaradacaq.

Yeri gəlmişkən, Baltikyanı ölkələr sovet dövrünü mövcudluğunu pisləyən ardıcıl siyasət yürüdürlər. Litvada, Latviyada və Estoniyada onların SSRİ-də qaldıqları müddət işğal kimi qiymətləndirilir. Sovet dövrünün bir çox abidələri sökülüb və ya köçürülüb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə