Böyük Britaniyada Ukraynanın Xerson vilayətinin işğal olunmuş hissəsinin Rusiya tərəfindən təyin edilmiş rəhbəri Vladimir Saldonun adına qeydiyyatdan keçmiş şirkət aşkarlanıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “The Guardian” yazır.
Nəşrin yazdığına görə, 1 milyard funt sterlinq dəyərində olan “Grainholding” şirkəti Saldonun Moskva tərəfindən təyin olunmasından beş ay sonra, ötən ilin noyabrında qeydiyyatdan keçib.
Rəsmi reyestrə görə, məmur direktor vəzifəsini tutur, şirkətin yarısına sahibdir. İkinci yarı Ukrayna vətəndaşı, Kiyev sakini Qriqori Smityuka məxsusdur.
Böyük Britaniyada şirkət qeydiyyatı zamanı şəxsiyyəti təsdiq edən sənəd tələb olunmur. Maraqlıdır ki, Saldo jurnalistlərin suallarını cavablandırmayıb. O, Britaniya rəsmilərinə də şərh verməkdən imtina edib.
Ötən ilin avqustundan etibarən Saldo Böyük Britaniyanın sanksiyalar siyahısındadır. London onu ərazi bütövlüyünün pozulmasında və Ukraynada sabitliyin pozulmasında əli olduğunu hesab edir.
“The Guardian” qeyd edir ki, Saldo və “Grainholding”in korrupsiya və çirkli pulların yuyulmasında iştirakına dair heç bir dəlil yoxdur, lakin firmanın sanksiyalar altında Rusiyayönlü məmur tərəfindən yaradılması faktı Britaniya şirkətlərinə lazımi nəzarətin olmamasından xəbər verə bilər.
Qeyd edək ki, Rusiya və Ukrayna arasında müharibədən əvvəl Saldo Xerson şəhərinin meri və Xerson şəhər şurasının üzvü olub.
Müharibə zamanı o, Moskvanın tərəfinə keçib və ruslar onu Xerson vilayətinin işğal olunmuş hissəsinin başçısı təyin ediblər. Yeri gəlmişkən, Ukrayna Saldonu vətənə xəyanətdə ittiham edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB