“Aclıqdan ölərək İsaya qovuşma”

“The Star” qəzetinin xəbərinə görə...
“Aclıqdan ölərək İsaya qovuşma”

Keniyanın Malindi qəsəbəsində “Aclıqdan ölərək İsaya qovuşma” vədi ilə tərəfdarlarını ölümə sürükləyən təriqət başçısı polisə ən az 1000 nəfərin cəsədini tapacağını deyib.

“The Star” qəzetinin xəbərinə görə, Malindidəki “Good News İnternational Church” (Xoş xəbər beynəlxalq) kilsəsinin keşişi Pol Makkenzi Ntenqe (Raul Mackenzie Nthenge) polisə “İsanı qarşılamağa gedən ən az 1000 adamı tapacaqları”nı söyləyib.

Kilsənin yaxınlığındakı Şakahola (Shakahola) meşəsində bu günə qədər 73 cəsəd ortaya çıxarılıb, 112 nəfərin isə taleyi məlim deyil.

SİA-nın xarici qaynaqlara istinadən cəsədlərin sayının artma ehtimalının olduğunu da istisna etmir.

Mövzu ilə bağlı ilk dəfə açıqlama verən Keniya prezidenti Vilyam Ruto bu hadisənin terrordan fərqli olmadığını bildirib: "Terrorçular öz iyrənc əməlləri üçün dindən istifadə edirlər. Makkenzi kimilər də onlardan biridir. Bu tip adamlar terrorçu və cinayətkardır ki, onların dini yoxdur. Onların aid olduğu yer həbsxanadır və orada olmalıdırlar."

Bildirək ki, aprelin 15-də aclıqdan ölmə ehtimallı 4 nəfərin cəsədi tapıldıqdan sonra polis Ntenqeni saxlayıb. Meşəlik ərazidə aparılan geniş axtarışlar zamanı onlarla insanın meyiti tapılıb.

Qeyd edək ki, Pol Makkenzi Ntenqe bundan əvvəl də bir neçə dəfə şikayətlərə əsasən saxlanılıb, amma sonra sərbəst buraxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə