“Gürcüstan legionu”nun lideri rusların dediklərini saxta adlandırıb

“Gürcüstan legionu”nun lideri rusların dediklərini saxta adlandırıb

Gərək ki, xəbəriniz olar: Rusiya Müdafiə Nazirliyi aprelin 21-də guya “İsgəndər” kompleksi ilə gürcü legionunun Konstantinovka şəhərində (Donetsk vilayəti) yerləşdirilmiş məntəqəsinə hücum edərək, onun 60-a qədər döyüşçünü məhv etdiyi barədə yazmışdı.

Amma “Gürcüstan legionu”nun lideri Mamuka Mamulaşvili bunun saxta olduğunu deyir.

“Bu başqa bir saxtakarlıqdır. Görünür, onlar öz hərbçilərini motivasiya etməyə çalışırlar. Biz onların bir nömrəli hədəfiyik. Onlar ən azı bir bölməmizi məhv etməyə çalışırlar”.

Qeyd edək ki, Mamulaşvili bunu “Azadlıq” radiosunun gürcü xidmətinin jurnalistinə müsahibəsində bildirib.

Xatırladaq ki, bu ilin martında Moskvanın Basmannı rayon məhkəməsi Ukrayna Silahlı Qüvvələrinin tərəfində Ukraynada döyüşən Gürcü Milli Legionunun üzvlərini qiyabi həbs edib. Ötən il Rusiyada birləşmənin 24 döyüşçüsünə qarşı cinayət işi açılıb.

Yeri gəlmişkən, Gürcü legionu Ukrayna ordusunun tərəfində döyüşən könüllü silahlı birləşmədir. Onlar əsasən silahlı münaqişələrdə təcrübəsi olan keçmiş gürcü hərbçilərindən ibarətdir.

Deyilənlərə görə, hazırda Ukraynada iki minə yaxın Gürcüstan vətəndaşı Rusiyaya qarşı vuruşur. Onların çoxu Gürcüstan Milli Legionunun üzvləridir.

Bundan əvvəl Mamuka Mamulaşvili “Current Time” nəşrinə müsahibəsində gürcü legionunun Ukraynada olan ən böyük xarici birləşmə adlandırmışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə