ABŞ keçmiş prezidenti ölkəsinə qaytardı

Perunun ədliyyə naziri Xose Tello mətbuata verdiyi açıqlamada bildirib...
ABŞ keçmiş prezidenti ölkəsinə qaytardı

ABŞ korrupsiyada ittiham olunan Perunun keçmiş prezidenti Alexandro Toledonu ekstradisiya edib.

Toledo polis nəzarəti altında Peruya gətirildikdən sonra paytaxt Limadakı Barbadillo həbsxanasına göndərilib.

SİA-nın əldə etdiyi məlumata görə, 18 aylıq profilaktik həbs cəzasına məhkum edilən Alexandro Toledo keçmiş prezidentlər Alberto Fuximori və Petro Kastilonun da qaldığı həbsxanaya salınıb.

Perunun ədliyyə naziri Xose Tello mətbuata verdiyi açıqlamada bildirib: “Toledo üçün Ədliyyə Nazirliyi tərəfindən bir prosedur tətbiq ediləcək. Sabiq prezident lazımi sağlıq yoxlamalarından keçdikdən sonra Barbadilloda saxlanılacaq”.

Xatırladaq ki, ABŞ 2023-cü il fevralın 22-də verdiyi bəyanatda korrupsiyada ittiham olunan Perunun keçmiş prezidenti Alexandro Toledonun qaytarılmasına qərar verib.

Braziliyanın Odebrecht şirkətindən 30 milyon dollardan çox rüşvət almaqda ittiham olunan Toledonu 20 il həbs cəzası gözləyir.

Perunun keçmiş prezidenti 2006-cı ildə vəzifəsini tərk etdikdən sonra ABŞ-da yaşayır.

Ekstradisiya tələbindən sonra 2019-cu ildə ABŞ səlahiyyətliləri tərəfindən saxlanılan Alexandro Toledo 2020-ci ildə “Covid-19” epidemiyası ilə əlaqədar ev dustaqlığında saxlanılırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə