"Rusiyalı jurnalistlərə viza verilməməsini bağışlamayacağıq"

"Rusiyalı jurnalistlərə viza verilməməsini bağışlamayacağıq"

Rusiya rusiyalı jurnalistlərə ABŞ vizalarının verilməməsini nə unutmayacaq, nə də bağışlayacaq.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının qarşıdakı iclasında iştirak etmək üçün Nyu-Yorka uçmazdan əvvəl hava limanında jurnalistlərə deyib.

“Ən əsası, arxayın olun, biz unutmayacağıq, bağışlamayacağıq”, - deyə S.Lavrov vurğulayıb.

ABŞ tərəfinin Rusiyadan olan jurnalistlərə viza verməkdən imtina etməsi faktını dünən ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. O əlavə edib ki, ABŞ-ın Rusiyadakı səfirliyi bu vəziyyəti həll etmək üçün çalışır. M.Zaxarovanın sözlərinə görə, söz azadlığı və jurnalistlərin hüquqları mövzusunun manipulyasiyası göz qabağındadır.

Qeyd edək ki, aprelin 25-də BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq nizamlanması mövzusunda nazirlər səviyyəsində iclası keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə