Saakaşvilinin anası oğlunun xəstəxanada huşunu itirməsindən danışıb
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin anası jurnalistlərə oğlunun son 24 saat ərzində xəstəxana palatasında iki dəfə yıxıldığını və hər iki dəfə qısa müddətə huşunu itirdiyini bildirib.
SİA-nın gürcü saytlarından əldə etdiyi məlumata görə, Saakaşvilinin anası professor Giuli Alasania ötən ilin may ayından bəri müalicə aldığı Tbilisidəki Vivamedi klinikasında oğluna hər gün baş çəkir.
Ananın dediyinə ğörə, oğlu ikinci dəfə onun hüzurunda yıxılıb və o, tibb bacısı ilə birlikdə gecə-gündüz palatanı qoruyan Cəzaçəkmə Müəssisəsinin əməkdaşları gələnə qədər onu böyük çətinliklə qaldıra biliblər.
Qeyd edək ki, Mixail Saakaşvili 2005-ci ildə prezidentin həyat yoldaşı Sandra Ruloffsu qəzetə müsahibəsində təhqir edən müxalifətçi deputat və biznesmen Valeri Gelaşvilinin döyülməsini təşkil etməkdə ittiham olunaraq 6 illik həbs cəzası çəkir.
Saakaşvili özü isə bütün məhkəmə prosesini “siyasi” və “uydurma” hesab edərək, bu ittihamı qəti şəkildə rədd edir.
Gürcüstan xüsusi xidmət orqanları eks-prezidenti 2021-ci il oktyabrın əvvəlində Ukraynadan gizli şəkildə vətəninə qayıdanda həbs ediblər. Saakaşvili Ukraynanın Nikolaev limanından çıxan gəmidə süd məhsulları olan konteynerdə gizlənibmiş.
Bundan sonra, vaxt keçdikcə Mixail Saakaşvilinin səhhəti kəskin şəkildə pisləşdi. Ona bir sıra endokrinoloji və psixi xəstəliklər diaqnozu qoyulub. Bu günlərdə siyasətçinin vəkilləri Avropa İnsan Haqları Məhkəməsinə müraciət edərək, cəzanın bir il müddətinə təxirə salınması və Mixail Saakaşvilinin müalicə üçün Avropa klinikasına köçürülməsi ilə bağlı “təcili qərar” qəbul edilməsi tələbi ilə müraciət ediblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB