Baltikyanı ölkələr də Çinin Fransadakı səfirini qınayıb

Baltikyanı ölkələr də Çinin Fransadakı səfirini qınayıb

Çinin Fransadakı səfiri Liu Şayenin Krımın Rusiyaya məxsus olması və onların suveren ölkə statusunu təsdiq edən beynəlxalq müqavilələrin olmaması ilə bağlı sözləri Latviya, Litva, Estoniya və Ukraynanın kəskin reaksiyasına səbəb olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə aprelin 23-də “RBC” yazır.

Xatırladaq ki, bir gün əvvəl çinli diplomat Liu Şaye Fransanın “LCI” telekanalına müsahibəsində, Krımın əvvəlcə Rusiyaya məxsus olduğunu və yalnız 1954-cü ildə Sov.İKP-nin o vaxtkı baş katibi Nikita Xruşşovun qərarı ilə Ukrayna SSR-in tərkibinə daxil olduğunu demişdi.

Üstəlik, onun fikrincə, Sovet İttifaqının dağılması nəticəsində yaranmış postsovet məkanının bütün dövlətləri guya aydın və effektiv statusa malik deyillər.

...Onların suveren ölkələr statusunu müəyyən edən heç bir beynəlxalq müqavilə yoxdur.

Qeyd edək ki, bunu da çinli diplomat deyib.

Onu da qeyd edək ki, çinli diplomata cavab verən Ukraynanın Fransadakı səfiri, Liu Şayenin “coğrafiya ilə bağlı açıq problemləri” olduğunu bildirib.

...Çünki onun sözləri Pekinin mövqeyi ilə tamamilə ziddiyyət təşkil edir.

Çinin Fransadakı səfirinin beynəlxalq hüquq və xalqların suverenliyi ilə bağlı açıqlamalarını tamamilə qəbuledilməz sayan Latviyanın xarici işlər naziri Edqars Rinkeviç Liu Şayenin bəyanatlarını təkzib edəcəyini gözlədiyini vurğulayıb.

Bu məsələ ilə bağlı Estoniya Xarici İşlər Nazirliyində də çaşqınlıq ifadə olunub.

Onun Litvadan olan həmkarı Qabrielius Landsbergis də Ukrayna münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı Çinə inamsızlığını ifadə edib: “Əgər kimsə hələ də maraqlanırsa, Baltikyanı ölkələrin niyə Çinə “Ukraynada sülhə vasitəçilik etmək” üçün etibar etmirlər, deməli, Krımın Rusiya olduğunu və ölkələrimizin sərhədlərinin heç bir hüquqi əsası olmadığını iddia edən Çin səfiridir”.

Yeri gəlmişkən, Fransa Xarici İşlər Nazirliyi də keçmiş SSRİ respublikalarından olan diplomatların qəzəbinə qoşularaq, Liu Şayenin sözlərini “həyəcanla qeyd etdiklərini” göstərib və Çin hakimiyyətinə müraciət edərək, onların sözləri ilə bağlı mövqelərini aydınlaşdırmaq xahişi ilə müraciət edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə