İlin fotosu ötən il Mariupolda çəkilib…

İlin fotosu ötən il Mariupolda çəkilib…

Ukraynalı fotoqraf Yevgeni Maloletka 2022-ci il üçün World Press Photo mükafatının qalibi olub. Onun 2022-ci ilin martında rus qoşunları tərəfindən mühasirəyə alınan Mariupolda çəkilmiş şəkli ilin fotosu kimi tanınıb. Münsiflər heyətinin fikrincə, foto müəllifi Rusiyanın Ukraynaya təcavüzü nəticəsində insanların çəkdiyi iztirabları bir kadrda çəkə bilib.

SİA-nın əldə etdiyi məlumata görə, “Associated Press”in fotomüxbiri Yevgeni Maloletka ötən ilin martında mühasirədə olan Mariupolda işləyən azsaylı jurnalistlərdən biri olub. “World Press Photo” münsiflər heyəti tərəfindən mükafatlandırılan foto martın 9-da rus qoşunlarının xəstəxana və doğum evini atəşə tutmasından az sonra çəkilib. Burada yaralı hamilə qadının mərmi atılan yerdən xərəkdə aparılması təsvir olunub. Onun daha sonra öldüyü, uşağı da xilas etmək mümkün olmadığı bildirilib.

Yeri gəlmişkən Rusiya hərbçiləri və hakimiyyət orqanları atəşə tutulması ilə bağlı ziddiyyətli şərhlər verib, ya bunu təkzib edib, ya da Ukrayna qüvvələrinin xəstəxananı təxribat kimi atəşə tutduğunu, ya da Ukrayna hərbçilərinin orada gizləndiyini iddia ediblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə