Maduro Lavrovu qəbul edib

Latın Amerikası turu çərçivəsində Venesuelaya səfər edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov prezident Nikolas Maduro tərəfindən qəbul edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, iki ölkənin də nümayəndə heyətlərinin iştirak etdiyi görüş "Miraflores" Prezident sarayında baş tutub.

Lavrovla görüşünün görüntülərini "Twitter" hesabında paylaşan Maduro, “Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə ikitərəfli əlaqələrimizi və ölkələrimizin inkişafı üçün müxtəlif sahələrdə birgə əməkdaşlıq xəritəsini gücləndirən xoş görüş keçirdik" ifadəsini işlədib.

Maduro ötən gün “Maduro ilə daha çox” adlı proqramda Rusiya ilə Venesuela arasında əməkdaşlığı müzakirə edəcəklərini, Rusiyanın Latın Amerikası və Karib hövzəsində varlığının bölgənin xeyrinə olduğunu demişdi.

Lavrov Venesuelaya səfərinin əvvəlində həmkarı İvan Gil və Venesuelanın vitse-prezidenti Delsi Rodriqeslə görüşüb.

Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada Lavrovun 17-21 aprel tarixlərində Braziliya, Venesuela, Nikaraqua və Kubaya rəsmi səfər edəcəyi açıqlanıb.

Qeyd edək ki, Lavrov Latın Amerikası turniri çərçivəsində dünən Braziliyaya ilk səfərini etmişdi.

Fazil Hənifəyev

Bütün xəbərlər Facebook səhifəmizdə