Sudandakı iğtişaşlarda ən azı 56 nəfər ölüb

Sudandakı iğtişaşlarda ən azı 56 nəfər ölüb

Sudanda bazar günü gecə nizami ordu ilə hökumətyönlü yarımhərbiləşdirilmiş Çevik Dəstək Qüvvələri arasında silahlı qarşıdurma davam edib. Gecədə azı 56 nəfərin öldüyü və 600-ə yaxın insan yaralandığı deyilir.

“Reuters” agentliyi Sudan Həkimlər İttifaqına istinadən dəqiqləşdirir ki, ölənlərdən 56-sı yalnız mülki şəxslərdir. Ölən hərbçilərin sayı məlum deyil.

Sudan ordusu Çevik Dəstək Qüvvələrinin ölkənin paytaxtı Xartumun ətrafı olan Omdurmandakı bazalarına hava zərbələri endirib. Paytaxtda və şəhərətrafı qəsəbələrdə yerli sakinlərin sözlərinə görə, ağır artilleriya səsləri eşidilir.

Sudan ordusunun baş komandanı, general Əbdül Fəttah Əl-Burhan Əl-Cəzirə telekanalına verdiyi şərhdə, Çevik Dəstək Qüvvələri ilə danışıqlara hazır olduğunu bildirib.

Cavab olaraq, Çevik Dəstək Qüvvələrinin komandiri, Həmedti ləqəbi ilə tanınan general Məhəmməd Həmdan Daqalo Əl-Burhanı “yalançı və cinayətkar” adlandırıb və qoşunlarının onu ya ədalətə təslim edəcəyini, ya da ki, it kimi öldürəcəklərini deyib.

Səudiyyə Ərəbistanı aviaşirkəti Xartum hava limanının atəşə tutulduğunu və onun təyyarələrindən birinin zədələndiyini bildirib. İndi əksər aviaşirkətlər Xartuma uçuşları ləğv edib. Çad Sudanla sərhədini bağlayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə