Çinin müdafiə naziri ilk səfər üçün niyə Rusiyanı seçdiyini açıqlayıb

Çinin müdafiə naziri ilk səfər üçün niyə Rusiyanı seçdiyini açıqlayıb

Çinin müdafiə naziri Li Şanqfu Rusiya prezidenti Vladimir Putinlə danışıqlar zamanı öz vəzifəsində ilk səfəri üçün xüsusi olaraq Rusiyanı seçdiyini bildirib.

SİA bu barədə “RİA Novosti”yə istinad edir.

Beləliklə, çinli rəsmi xatırladıb ki, bu, onun ilk xarici səfəridir. Şanfu etiraf edib ki, o, ikitərəfli münasibətlərin xüsusi xarakterini və strateji əhəmiyyətini vurğulamaq üçün Rusiyanı seçib. Onun fikrincə, Rusiya-Çin münasibətləri soyuq müharibənin hərbi ittifaqlarından üstündür.

Xatırladaq ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyi Li Şanfunun aprelin 16-dan 18-dək Rusiyaya səfər edəcəyini bildirmişdi. Çin hərbi idarəsi nazirin səfərinin aprelin 16-dan 19-dək davam edəcəyini bildirib.

Martın 20-də Çin prezidenti Si Cinpin Moskvaya üç günlük səfər etmişdi.

Daha əvvəl Qərb mediası Pentaqonun internetə sızan sənədlərinə istinadən yazıb ki, guya Çin Mərkəzi Hərbi Komissiyası Rusiyaya silah verilməsini təsdiqləyib. “Washington Post” Çin hakimiyyətinin Rusiya Federasiyasına ölümcül yardımın tədarükünü təsdiqlədiyini qeyd edib. Materiallarda həmçinin qeyd olunub ki, Çin tərəfi hərbi texnikanı mülki təchizat kimi “maskalamağı” planlaşdırıb.

Amma maraqlıdır ki, Pentaqon mənbələri ABŞ-ın Çinin Rusiyaya silah göndərdiyinə dair heç bir dəlil olmadığını bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə