Polşa Ukraynadan məhsul idxalına qadağa qoyub

Polşa Ukraynadan məhsul idxalına qadağa qoyub

Polşa hökuməti müvafiq departamentlərin rəhbərlərinə Ukraynadan taxılın, eləcə də bəzi ərzaq məhsullarının idxalına müvəqqəti qadağa qoyulması barədə göstəriş verib.

SİA-nın əldə etdiyi məlumata görə, bunu “RİA Novosti” Polşa Nazirlər Kabinetinin bəyanatına istinadən xəbər verir.

Qeyd olunur ki, belə tədbirlər polşalı fermerlərin maraqlarını qorumaq üçün həyata keçirilib. Onlar kənd təsərrüfatı bazarını sabitləşdirmək üçün lazımdır.

Qeyd edək ki, Kənd Təsərrüfatı və Kənd İnkişaf Naziri Robert Telyus Ukraynadan kənd təsərrüfatı məhsullarının axını ilə bağlı mövcud problemləri açıqlayıb.

Baş nazir Mateusz Moravieckinin sədrliyi ilə Nazirlər Şurasının üzvləri Polşa fermerlərini və istehlakçılarını qorumaq üçün Polşanın edə biləcəyi mümkün həll yollarını və rəsmi tədbirləri müzakirə ediblər.

Kənd Təsərrüfatı və Kənd İnkişaf Naziri, eləcə də Texnologiya Naziri görüşlərdən sonra Polşanın kənd təsərrüfatı bazarını sabitliyin pozulmasından qorumaq üçün aktlar qəbul ediblər. Məhz elə bununla əlaqədar olaraq onlar Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına müvəqqəti qadağa qoyublar.

Qeyd edək ki, Ukraynadan idxalı qadağan edilən məhsulların siyahısına taxılla yanaşı, süd, yumurta, ət, bal, şəkər, şərab, şerbetçiotu və s. daxil edilib.

Onu da bildirək ki, məhdudiyyətin müddəti 30 iyun 2023-cü ilə qədər uzadıla bilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə