Zelenski Makronla danışıb

Ukrayna prezidenti Vladimir Zelenski fransalı həmkarı Emmanuel Makronla danışıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ukraynalı siyasətçi Telegram kanalında yazıb.

“Fransa prezidenti Emmanuel Makronla təxminən bir saat yarım söhbət etdik. Biz prezident Makronun Çinə son səfərinin nəticələrini müzakirə etdik”, – Zelenski yazıb.

Ukrayna prezidenti Makrona cəbhədəki vəziyyət barədə danışıb və Parisin Kiyevə dəstəyi gücləndirmək niyyətini qeyd edib. O əlavə edib ki, Ukrayna NATO-nun 2023-cü ilin iyuluna planlaşdırılan Vilnüs sammitindən sonra effektiv təhlükəsizlik təminatları almaq istəyir.

Xatırladaq ki, aprelin 5-də Fransa prezidenti Çinə dövlət səfərinə gəlimişdi, onunla birlikdə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen də Çinə gəlmişdi.

Makron orada Çin prezidenti Si Cinpinlə görüşüb.

Fransanın “Le Monde” qəzetinin yazdığına görə, Makronun Çinə səfəri Çin liderini Ukrayna ilə bağlı mövqeyində Rusiyaya təsir etməyə təşviq etmək istəyi ilə bağlıdır. Parisdə Çini “dünyada Rusiyanın iradəsinə təsir edə bilən yeganə ölkə” hesab edirlər.

Çində çıxış edən Makron etiraf edib ki, Çin Rusiya ilə güclü əlaqələr sayəsində Ukrayna böhranının həllində mühüm rol oynaya bilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə