Navalnıdan Gürcüstan rəhbərliyinə müraciət

Navalnıdan Gürcüstan rəhbərliyinə müraciət

Rusiya müxalifətinin lideri, koloniyada həbs cəzası çəkən Aleksey Navalnı Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilini müalicə üçün azad etməyə çağırıb.

SİA-nın əldə etdiyi məlumata görə, Navalnı, “Facebook” səhifəsində Saakaşvilini tanımadığını və onunla heç vaxt görüşmədiyini yazıb. Üstəlik, onun komandasından da heç kimi tanımadığını və heç kim ondan bu yazını yazmağı xahiş etmədiyini bildirib.

“Ayıb olsun ki, mənim Gürcüstan siyasəti haqqında kifayət qədər zəif təsəvvürüm var və səhv bir şey deyə bilərəm. Daha böyük utancverici haldır ki, nədənsə dostumun Sxinvalidə atəşə tutulmasının təsiri ilə 2008-ci ildə gürcülərə ünvanlanan təhqiramiz epitetlə dolu yazı yazmışdım. Bunun üçün üzr istədim və yenə də üzr istəyirəm, amma bilirəm ki, bu baxımdan Gürcüstanda fikrim o qədər də ağır deyil. Bununla belə, mən hər halda bir insan və xristian olaraq yazmağa qərar verdim, çünki dayanıb izləmək çətindir”.

Bunları yazan Navalnı, hazırda Saakaşvilinin, onun ailəsinin əziyyət çəkdiyini, baş verənlərdən bütün Gürcüstanın pis olduğunu, hətta Saakaşvilini ölənə qədər həbsdə saxlamaq istəyənlər üçün bundan yaxşı heç nə olmadığını bildirib.

“Mən Gürcüstanın xoşbəxt Avropa gələcəyinə inanıram. Bu, tərəqqi üçün hər şeyə malik olan bir ölkədir. İnanıram ki, siyasi qarşıdurma sülh yolu ilə və təhlükəsiz şəkildə həll olunacaq. Amma keçmiş prezidentin bu həbsi, əzabı dəhşətli və ürəksizdir. Bu, Avropa seçiminə təsir edir, inkişafa təsir edir, normal gələcək şanslarını azaldır. Mənəviyyatı aşağı salır, ölkəni kin-küdurətlə doldurur”.

Qeyd edək ki, Navalnının bu səpkidə davam edən müraciəti, gürcücə Matta İncilindən sətirlərlə yekunlaşır: Mərhəmətlilər nə bəxtiyardırlar, çünki mərhəmət göstərəcəklər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə