ABŞ-ın keçmiş prezidenti Donald Tramp sənədləri saxtalaşdırmaqda təqsirli bilinsə belə, prezident seçkilərində iştirak etmək niyyətindədir.
SİA-nın əldə etdiyi məlumata görə, siyasətçi belə bir bəyanatla aprelin 11-də “Fox News” telekanalına müsahibəsində bildirib.
Beləliklə, Donald Tramp saxta biznes sənədləri hazırlamaqda təqsirli bilinsə belə, 2024-cü ildə prezidentliyə namizəd olmaq niyyətini açıqlayıb.
Onu prezident seçkilərindən geri çəkilməyə nə vadar edə bilər sualına Ağ Evin keçmiş rəhbəri demokratları onu dayandırmaq üçün keçmiş SSRİ-nin taktikasına arxalanmaqda ittiham edib.
“Köhnə sovet prosesi. Mənə bir adam göstər, mən sənə cinayət göstərəcəyəm”, - deyə siyasətçi Sovet İttifaqının daxili işlər naziri Lavrenti Beriyanın sözlərinə istinad edib.
Maraqlıdır ki, Tramp təqsirli bilinərsə belə, “heç vaxt getməyəcəyinə” söz verib
Bununla yanaşı, siyasətçi ABŞ-ın hazırkı prezidenti Cozef Baydenin 2024-cü ildə keçiriləcək prezident seçkilərində yenidən seçilməsinə nail ola biləcəyinə şübhə etdiyini bildirib.
Xatırladaq ki, bundan əvvəl ABŞ Prokurorluğu Donald Trampa qarşı maliyyə sənədlərinin saxtalaşdırılması ilə bağlı 34 iş üzrə ittiham irəli sürüb.
“Fox News”un hesablamalarına görə, birləşmiş ittihamlara əsasən, Trampı 136 ilədək həbs cəzası gözləyə bilər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB