Braziliya Prezidenti Çinə səfər edəcək

Braziliya Prezidenti Çinə səfər edəcək

Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın Çinə rəsmi səfər edəcəyi bildirilir.
Çin Xarici İşlər Nazirliyinin bəyanatına görə, Lula da Silva 12-15 aprel tarixləri arasında Pekində danışıqlar aparacaq.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Braziliya prezidenti səfər çərçivəsində çinli həmkarı Si Cinpin və digər rəsmi şəxslərlə görüşəcək.
Lula da Silva ötən ayın sonunda Çinə etməyi planlaşdırdığı ilk səfərini səhhətindəki problemlərə görə təxirə salmışdı.
2022-ci ildə Braziliyada keçirilən prezident seçkilərində qələbə qazanan Luiz İnasio Lula da Silva yanvarın 1-də and içərək vəzifəsinin icrasına başlayıb.
2003-2010-cu illərdə Braziliya prezidenti olmuş Lula da Silva hakimiyyəti dövründə Pekinlə iqtisadi əlaqələrin inkişafına xüsusi diqqət yetirirdi. Çin 2009-cu ildən bəri Braziliyanın ən böyük ticarət tərəfdaşıdır.
Braziliya Çinə başda dəmir olmaqla böyük miqdarda xammal və kənd təsərrüfatı məhsulları ixrac edir.
Qeyd edək ki, bu ölkələr BRİKS təşkilatı çərçivəsində iki ölkə arasındakı çoxtərəfli əməkdaşlığı davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə