Rusiyalı iş, sənət adamları və siyasətçilər Dubayda "köç salırlar"
Sanksiya və səfərbərlikdən qaçan ruslar son zamanlar daha çox Birləşmiş Ərəb Əmirliklərinə üz tuturlar. Bu ölkəyə kapital gətirirlər, orada məskunlaşırlar, mənzil alırlar, biznes qururlar.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Dubayda artıq rus məktəblərinin filialları yaranıb.
Yeri gəlmişkən, “Betterhomes” daşınmaz əmlak şirkətinin məlumatına görə, son bir ildə Rusiya vətəndaşları qeyri-rezidentlər arasında Əmirlikdə əmlak alıcılarının ən böyük qrupu olub.
Onu da qeyd edək ki, Dubay Fars körfəzinin ən böyük əmirliyidir. O, ilk növbədə geosiyasi baxımdan neytral yer olduğu üçün Rusiya elitasının cazibə mərkəzinə çevrilib. Üstəlik, nə BƏƏ, nə də Yaxın Şərqin digər ölkələri Rusiyadan gələn “böyük pullara” sanksiya tətbiq etmir. Yaxın vaxtlara qədər rus məmurları və onların ailə üzvləri burada hətta açıq şəkildə dincələ bilirdilər.
Bu arada “The New York Times”ın jurnalistlərinin araşdırması göstərib ki, Ukrayna ilə müharibə başlayandan sonra, 2022-ci ilin mayına qədər Dubay Rusiyadan şəxsi uçuşlar üçün ən populyar istiqamət olub.
Vladimir Putinin Rusiya elitasına investisiyalarını Rusiya biznesinə, Rusiya müəssisələrinə və Rusiya daşınmaz əmlakına yönəltmək tələblərinə baxmayaraq, bəzi varlı ruslar öz kapitallarını Əmirliklərə yönəltməyə üstünlük veriblər.
“Financial Times”ın məlumatına görə, 2022-ci ildə Dubayda Rusiya vətəndaşlarının daşınmaz əmlak alması üçün təxminən 86 min əməliyyat qeydə alınıb.
Qeyd edək ki, Putinin çağırışlarına baxmayaraq, onun təbliğatşılarından olan Dmitri Kiselev və hətta Vladimir Vladimiroviçin öz doğma qızı Katerina Tixonovanın da Dubayda görntüləri peyda olub.
Fevralın sonunda Telegram kanallarında Putinin mətbuat katibi Liza Peskovanın qızı ilə Dubay barından çəkilmiş videosu da yayılıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB