"London Abramoviçin pullarının Ukraynaya köçürülməsini gecikdirir"

"London Abramoviçin pullarının Ukraynaya köçürülməsini gecikdirir"

Bu arada Londonun “Çelsi” futbol klubunun satışından biznesmen Roman Abramoviçin aldığı təxminən üç milyard dolların Ukraynaya yardım fonduna köçürməyi, nədənsə, yubadır.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Bloomberg” yayıb.

Qeyd edək ki, fondun rəhbəri Mayk Penrozun sözlərinə görə, Böyük Britaniya və Avropa İttifaqı arasında, eləcə də Böyük Britaniyanın özündə siyasi razılaşmalarla bağlı müəyyən çətinliklər var.

“Bloomberg”in həmsöhbətlərindən biri bildirib ki, fond yalnız onun müraciəti Böyük Britaniya Maliyyə Nazirliyi tərəfindən təsdiq edildikdən sonra pul ala bilər.

Amma təsdiqləmə prosesi uzun da çəkə bilər, çünki nazirlik fondun digər məsələlərlə yanaşı, sanksiyalardan yayınmaq üçün istifadə olunmayacağını təmin etməlidir.

Xatırladaq ki, “Çelsi”nin satılması ilə bağlı müqavilə ötən ilin əvvəlində elan edilib və mayın sonunda tamamlanıb. Klub 4,25 milyard funt-sterlinqə amerikalı investor Todd Bolinin rəhbərlik etdiyi konsorsiuma satılıb. Satışdan əldə edilən vəsait xüsusi bank hesabına yatırılıb və orada dondurulub.

Onu da qeyd edək ki, pul göndərilməsi planlaşdırılan fondun yaradılması ideyası Abramoviçin özünə məxsus olub. Bu, milyarder keçən il martın əvvəlində Rusiyanın Ukraynaya qarşı müharibəsinə görə sanksiyalarla üzləşəndə ​​yaranıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə